Futzal üzrə Birinci Liqada 2025-2026-cı illər mövsümünə yekun vurulub. Sport24.az xəbər verir ki, ötən il Azərbaycan Kubokunun finalında "Araz-Naxçıvan"ı məğlub etməklə sürpriz nəticəyə imza atan  Peşəkar Futbol Liqasının komandası bu mövsüm həmin nəticənin təsadüfi olmadığını göstərib.

 

Turnirin əsas mərhələsini lider limi bitirən PFL reqlamentə əsasən yarımfinalda "Xan-Lənkəran"ı 2-1 hesabıyla məğlub edərək finala çıxıb. Burada isə rəqib "Star Karqo" komandası olub. Qızıl medalı ötən il "Baku Fire-2" ilə dueldə əldən verən PFL bu dəfə daha diqqətli oynayaraq 4:2 hesabıyla qalib gəlib və çempion olub. 

 

Komandanın baş məşqçisi Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədovdur. "Çempionluq inanılmaz hisslərdir. Ötən il finalda "Baku Fire-2" komandasına məğlub olub son anda qızıl medalları əldən vermişdik. Ölkə kubokunu qazansaq da, çempionluq arzumuz həmişə qalırdı. Komandamızda gənclərlə yanaşı futzala könül verən, uzun illərdir bir yerdə oynadığımız şəxslər də var. Əsl kollektiv olmağın nümunəsini göstərdiklərinə, əzmkarlıqlarına, qələbə istəklərinə görə komandamızın hər bir üzvünə minnətdaram. Bu yarışın təşkilinə görə Azərbaycan Futzal Federasiyasına dərin təşəkkürümü bildirirəm" deyə Səmədov təəssüratlarını bölüşüb.