Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesi Da Silva Avropa çempionatının qrup mərhələsi çərçivəsində Bosniya və Herseqovinaya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Sport24.az xəbər verir ki, braziliyalı mütəxəssis bu gün təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Vacib oyundur. Ağır görüş olacaq. Bosniya və Herseqovinanın 2 oyununu izləmişəm. Təşkilatlanmış komandadır. Əlbəttə, bizim üçün çətin bir duel olacaq. Ancaq əlimizdən gələni edəcəyik. Onlar hər iki oyunda yenilsələr də, yaxşı çıxış etdilər. Nəticə qazanmaq istəyiriksə, mütləq intizamlı, istəkli oynamalıyıq. Yəni, İspaniya millisi ilə matçdakı kimi mübarizə aparmalıyıq.

Heyətdə müəyyən dəyişiklik ediləcək. Rəqibin zəif cəhəti odur ki, kompakt oynamırlar. Biz də çalışacağıq ki, bundan istifadə edək. Yenə deyirəm, ispanlara qarşı necə oynamışıqsa, futzalçılarımdan həmin oyunu, əzmkarlığı, iradəni gözləyirəm”.