"Millinin heyətinin əksəriyyəti gənc futzalçılardır. Beynəlxalq yoldaşlıq oyunları çox keçirilməlidir. Oyuna gəldikdə, təcrübəsizlik hiss olunurdu. Bəzi futzalçılar qərar verməkdə çətinlik çəkirdi. Oyunun nəticəsi məni təəccübləndirmədi. Bu hesabı gözləyirdim. İlk hissədə yaxşı mübarizə apardıq. Standart vəziyyətlərdən qollar buraxdıq. Bunun üzərində çalışmaq lazımdır. Amma ikinci hissədə bunun davamını gətirə bilmədik. Futzalçılarımız fiziki baxımından rəqibdən geri qalırdı. Təcrübəli Emin Kürdovun əməyini qiymətləndirmək lazımdır. Yoxsa, hesab başqa cürə ola bilərdi. Səbirli olmalıyıq. Sevinirəm ki, legionersiz milli komandamız var. Belə hesablı nəticələrə hazır olub, gələcəyə nikbin baxmalıyıq". Bu sözləri Sport24.az-a açıqlamasında futzal üzrə millinin sabiq üzvü Namiq Məmmədkərimov deyib.

 

Veteran futzalçı yığmanın yoxlama görüşlərində Bosniya və Herseqovinaya məğlubiyyətinə münasibət bildirib. Məmmədkərimov gənc milli üzvlərinə məsləhət verməyi də unutmayıb: "Milli komanda hamımızındır. Futzalçılara üzərlərində daha da yaxşı çalışmalarını tövsiyyə edirəm. Yığmamızı təmsil edirlər. Özlərini sübut etmək üçün əlavə məşqlər edib güclərini artırmalıdırlar. Bəzi oyunçular milliyə hazır deyildi, məcburiyyətdən dəvət olunub".

 

Həmsöhbətimiz hər iki oyunda böyük hesablı yenilgini çempionatın yeni başlaması ilə də əlaqələndirib: "Çempionatımız yeni başlayıb. Cəmi 3 tur keçirilib. Uşaqların oyun praktikası azdı. Məhz bu səbəbdən axsayırdıq. Millinin üzvləri çempionatda ehtiyyatda oturmayıb, daimi çıxış etməlidirlər. Oynadıqları klublarda özlərini yığmaya layiq olduqlarınlı sübut etməlidirlər".

 

Qeyd edək ki, Vitali Borisovun rəhbərlik etdiyi milli Bosniya və Herseqovinaya hər iki görüşdə (0:7; 1:5) məğlub olub.