"Hər kəsi təbrik edir, bu qələbənin xalqımızı necə sevindirdiyini bilirəm. Oyundan öncə qələbəyə inanırdım". Sport24.az xəbər verir ki, bunu futzal üzrə Gürcüstan milli komandasının baş məşqçisi Avtandil Asatiani Avropa çempionatının final mərhələsində Azərbaycan yığmasını 3:2 hesabı ilə məğlub etdikləri D qrupunun ilk tur matçından sonra mətbuat konfransında deyib.

Gürcü mütəxəssis layiqli qələbə qazandıqlarını hesab edir: 2İlk dəqiqələr çox vacib idi. Fasilə zamanı paltardəyişmə otağında ikinci hissədə nə etməli olduğumuz barədə danışdıq. Düşünürəm ki, bu oyunçular qələbəyə layiq idilər və tarixi oyunda yığmaya ilk xalları qazandırdılar".

Asatianinin fikrincə, qalibiyyət komandanı eyforiyaya salmamalıdı: "Növbəti oyunu düşünməliyik. Bosniya və Herseqovina ilə görüş asan olmayacaq. Fikrimcə, Azərbaycanla qarşılaşmanın mənzərəsi ilk dəqiqələr və buraxılan qollarla bağlı idi. Qələbəmiz böyük sürpriz olmadı. Bunu gözləyirdik və meydanda hər şeyi etdik. Çox güclü rəqiblə qarşılaşdıq və qələbə üçün əlimizdən gələni əsirgəmədik".

Xatırladaq ki, gürcülər hesabda 0:2 geridə olduqları görüşdə sonradan 3 qol vuraraq əzmkar qələbə qazanıb.