Vitali Borisovun baş məşqçisi olduğu "Araz-Naxçıvan" ardıcıl ikinci ildi ki, Çempionlar Liqasında uğursuzluğa düçar olur. Futzalımızın flaqmanı ötən il olduğu kimi bu dəfə də mübarizəni ilkin mərhələdə dayandırdı. Halbuki, yay fasiləsində Naxçıvan klubu heyətinə yetərincə legioner cəlb etmişdi. Maraqlıdı uğursuzluğun kökündə nə dayanır? "Araz-Naxçıvan"ın uğursuzluğuna görə kim məsuliyyət daşıyır? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqovla danışdıq. Mahmud bəy Sport24.az-a müsahibəsində bəzi məqamlara aydınlıq gətirdi.

 

- "Araz-Naxçıvan"ın qarşısına Çempionlar Liqasının ilkin təsnifat mərhələsini keçmək məqsədi qoyulsa da, komanda bunu bacarmadı. Uğursuzluğun səbəbini bilmək istərdik...

- Məşqçi hansı transferləri istəmişdisə, hamısını reallaşdırdıq. Turnir öncəsi komanda üçün yüksək səviyyədə təlim-məşq prossesi təşkil olundu. Hər şey qaydasında idi. Turnirin ilk iki oyunu da yüksək əhval-ruhiyyədə qələbə ilə başa vurduq. Amma 3-cü - həlledici qarşılaşmada nəsə çatmadı. Ola bilsin, məşqçilər korpusu düzgün taktika seçmədi. 3 oyunçumuzun zədələnməsi də bizə təsirsiz ötürşmədi. Halbuki, heç-heçə də bizə sərf edirdi.

 

- Vitali Borisov artıq 2 ildi komandanın "sükanı arxasındadı". Buna baxmayaraq,  "Araz-Naxçıvan" ardıcıl ikinci ildi ki, mübarizəni ilkin mərhələdə başa vurur. Ötən il "təcrübəsizdi" deyib, uğursuz çıxışa göz yumduz. Bəs bu dəfə? Onunla yola davam edəcəksiz, yoxsa yola salınacaq?

- Doğru vurğulayırsız, ardıcıl iki ildi ilkin mərhələdən kənarda qalırıq. Əvvəllər baş məşqçinin təzə olmasını nəzərə alırdıq. Bundan başqa klub rəhbərliyi həmişə Vitali Borisovun istəklərini sözsüz yerinə yetirib. Bu il mütləq uğur qazanılmalıydı. Qarşıdakl həftədə Futzal Federasiyasının İcraiyyə Komitəsinin iclası keçiriləcək və orda baş məşqçiylə bağlı qərar veriləcək.

 

- "Araz-Naxçıvan" ölkə çempionatında "bir ayaqla" istənilən rəqibi böyük hesabla məğlub edir. Belə olan halda bu qədər legioneri düşərgədə saxlamağın nə mənası var? Boş yerə pullar xərclənəcək...

- Cəmi 3 legionerlə mövsümün sonuna kimi müqaviləmiz var. Qalanlarıyla bir aylıq anlaşma imzalamışıq. Mərhələni keçsəydik onlarla əməkdaşlıq davam edəcəkdi. İlkin mərhələdə mübarizəni dayandırdırmızdan digər legionerlərlə müqaviləyə xitam veriləcək. Bu barədə əvvəlcədən razılaşma olub.