''Red Bull'' pilotu Serxio Peres ''Formula-1''də ən çox müzakirə edilən pilotlardan biri olmaqda davam edir. Sport24.az xəbər verir ki, meksikalı şəxsi birincilikdə yalnız komanda yoldaşı Maks Ferstappendən geri qalır.

Buna baxmayaraq, onun zəif pilot olması və səviyyəcə ''Red Bull''a uyğun gəlməməsi, eləcə də gələn mövsüm komandadan göndəriləcəyi haqda söhbətlər bitmək bilmir. Ən son Kanada Qran-prisində Ferstappen adəti üzrə 1-ci olsa da, Peres yalnız 6-cı pillə ilə kifayətlənmişdi.

Bu günə qədər bir çox sabiq və indiki ulduzlar Peresin performansına münasibət bildirmişdilər. 33 yaşlı pilotu tənqid edənlər sırasına Ferstappen də qoşulub. Ardıcıl 3-cü çempionluğuna doğru irəliləyən niderlandlı pilot Kanada Qran-prisinin yekunları haqda danışarkən üstüörtülü şəkildə Peresi tənqid edib: ''Açıq danışsaq, Monrealda olmasaydım, ''Red Bull'' üçün sonluq çox pis alınardı. Məsələyə bu aspektdən yanaşsaq, yaranmış vəziyyətə bir qədər fərqli cür baxmağın tam zamanıdı''.

Xatırladaq ki, Ferstappen 195 xalla liderdisə, Peres 126 xalla 2-ci pillədədi.