"Kəpəz" klubunda azarkeşlərin narazılığı artmaqda davam edir. Gəncə təmsilçisinin fanat qruplarından biri Sport24.az-a müraciət edərək klubdakı bir sıra məsələlərdən narazılığını bildirib.
Azarkeşlər yerli əhalinin bilet alaraq komandanı dəstəklədiyini vurğulayaraq, rəhbərlikdən klubda müəyyən işlərin görülməsini tələb edirlər.
Fanatların iddialarına görə, "Kəpəz" akademiyasında paltardəyişmə otaqları ya demək olar ki, yoxdur, ya da mövcud şərait futbolçuların və məşqçilərin tələblərinə cavab vermir.
Bildirilir ki, məşqçi-müəllimlər və valideynlər də akademiyadakı şəraitsizlikdən narazıdırlar.
Azarkeşlərin irəli sürdüyü digər ciddi iddia isə klub rəhbərliyinin əməkhaqları ilə bağlıdır. Onların iddiasına görə, İdarə Heyətinin sədri Anar Abdullayevin aylıq əməkhaqqı 10 min, İdarə Heyətinin üzvü Umud Tarverdiyevin isə 5 min manat təşkil edir. Bunun qarşılığında uşaq futbolunun inkişafı üçün iş görmürlər.
Sport24.az azarkeşlərin səsləndirdiyi bu iddialarla bağlı "Kəpəz" klubunun və adıçəkilən şəxslərin mövqeyini də işıqlandırmağa hazırdır.