"Nottingem Forest"in baş məşqçisi Vitor Pereyra Avropa Liqasının yarımfinalında "Aston Villa"ya məğlubiyyəti heyətdəki ciddi itkilərlə əlaqələndirib. Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında zədəli futbolçuların çoxluğunun oyunun nəticəsinə birbaşa təsir etdiyini vurğulayıb.

​Pereyra əsas heyət üzvü Morqan Gibbs-Uaytın yoxluğuna və digər problemlərə toxunaraq bildirib:

"Bu gün ehtiyat oyunçular skamyamıza baxsanız, oynamağa hazır vəziyyətdə cəmi üç futbolçumuz var idi. Lorenzo Lukka, Dilan Bakva və Rayan Yeyts. Digər üç oyunçu zədəli idi və komandaya kömək edəcək durumda deyildilər. Akademiyadan üç oyunçu dəvət etmişdik. Murilyo isə hələ tam hazır olmasa da, risk edərək meydana çıxdı".

Məşqçi komandasının mübarizəsindən razı qalsa da, fiziki yorğunluğun fərq yaratdığını qeyd edib:

​"Futbolçularım və azarkeşlərimizlə qürur duyuram. Amma bu gün final uğrunda mübarizə aparacaq vəziyyətdə deyildik. Bərpa üçün rəqibdən bir gün az vaxtımız oldu və bu, böyük fərq yaradır. Hər şeyi sınadıq, amma lazımi həlləri tapa bilmədik. Risk etməyə çalışanda isə daha iki qol buraxdıq".

Ağır məğlubiyyətə baxmayaraq, Pereyra tez bir zamanda toparlanmağın vacibliyini vurğulayıb:

​"Kədərli və ağır gündür, amma gələcəyə baxmalıyıq. Üç gündən sonra bizi yenə güclü rəqib gözləyir. Ümid edirəm ki, yeni zədələr olmayacaq. Bu səviyyədə rəqabət aparmaq üçün bütün futbolçuların hazır olması vacibdir. Bu gün Aston Villa kimi rəqiblə mübarizə aparmaq üçün tam heyətə ehtiyacımız var idi".