Türkiyə futbolunda bütün peşəkar liqalarda komanda sayı azaldılacaq. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının yaydığı açıqlamada bildirilib.
Qərar qurumun İdarə Heyətinin bu gün keçirilən toplantısında qəbul olunub
Növbəti - 2025/26 mövsümündə Superliqa 18 komandanın iştirakı ilə keçiriləcək. Hazırkı mövsümdə bu say 19 təşkil edir. Birinci liqadan əsas liqaya isə 3 komanda yüksələcək.
Açıqlamada qeyd edilib ki, 2020/2021 mövsümündə 21 komandanın iştirakı ilə keçirilən Superliqa, eləcə də digər bütün liqalarda komanda sayının mərhələli şəkildə azaldılması hədəflənsə də, 2023-cü ildə baş vermiş zəlzələ buna mane olub. Həmin fəlakətdən təsirlənən bəzi klubların liqanı tərk etmə tələbləri səbəbilə bu hədəfə nail olunmayıb.
2025/2026 mövsümündən etibarən komanda sayının mərhələli şəkildə azaldılmasına başlanacaq. Hazırda 139 olan peşəkar komanda sayı düşmə və yüksəlmə qaydalarına əsasən 120-yə endiriləcək.
Qərar Superliqa ilə yanaşı digər aşağı peşəkar liqalara da şamil olunacaq.