Türkiyə Futbol Federasiyası (TFF) "Qalatasaray"ın futbolçusu Eren Elmalının A milli komandanın heyətindən çıxarıldığını açıqlayıb. Sport24.az xəbər verir ki, bununla bağlı qurumun rəsmi saytında məlumat yayılıb.

 

Elmalı peşəkar liqalarda aparılan mərc araşdırması çərçivəsində TFF-nin Hüquq Müşavirliyi tərəfindən millinin namizəd heyətindən uzaqlaşdırılıb.

 

Eyni səbəbdən U-21 milli komandasının üzvü İzzet Çelik, U-19-un formasnı geyinən Ege Albayrak da şərəfini qoruduğu millilərdən kənarlaşdırılıb. 

 

"Qalatasaray"ın futbolçusu sosial şəbəkə hesabında məsələ ilə bağlı açıqlama yayıb. 25 yaşlı futbolçu, adının araşdırmada yer almasını belə əsaslandırıb: 

 

"Bu gün xəbərlərdə adımın TFF tərəfindən aparılan intizam araşdırmasında keçdiyini gördüm. Açıq şəkildə bildirmək istəyirəm ki, bu dosyada adımın yer almasının səbəbi 5 il əvvəl öz komandamdan kənarda edilən bir mərc əməliyyatıdır. O gündən bəri nə mərc oynamışam, nə də bu mövzu ilə hər hansı əlaqəm olub".