"Bəli, turnirə böyük ümidlərlə getmişdik, amma təəssüf ki, istədiyimiz nəticəni qazana bilmədik. Amma bu uşaqlar bizim futbolçulardır, onları yerə vurmaq olmaz. Bura gələnə qədər çəkdikləri əziyyətləri unuda bilmərik." Bu sözləri Sport24.az-a eksklüziv açıqlamasında Türkiyə millisinin və "Fənərbağça"nın sabiq futbolçusu Bekir İrtegün ölkəsinin dünya çempionatındakı çıxışı barədə danışarkən deyib.
Hazırda "Hatayspor"un baş məşqçisi olan mütəxəssis komandanın oyunundakı müəyyən səhvlərə də toxunub:
"Qapanan komandalara qarşı daha fərqli oynaya bilərdik. Sürətli yox, daha fərqli gedişlər edə bilərdik. Amma təəssüf ki, bu alınmadı. Düşünürəm ki, qapanan komandalara qarşı keçid hücumlarından yox, başqa cür yollardan istifadə etmək daha doğru olardı."
O, həmçinin həmkarı Vinçenzo Montella barədə danışarkən öz mövqeyini belə ifadə edib:
"Montellanın tənqid olunması normaldır. Lakin mənim onun haqqında fikir bildirməyim düzgün olmaz. Çünki mən özüm də baş məşqçi işləyirəm. Montella Türkiyə millisinə gəlməmişdən öncə 'Adana Demirspor'da çalışıb və çox yaxşı işlər görüb. O, komandaya uyğun gəlir. Ümumiyyətlə, italyanlarla türklər mental baxımından yaxındırlar. Çünki hər iki tərəf Aralıq dənizi bölgəsinə aiddir. Düşünürəm ki, bu uşaqlar gələcəkdə daha yaxşı uğurlara imza atacaqlar".
Qeyd edək ki, Türkiyə millisi dünya çempionatında qrup mərhələsini 3 xalla - sonuncu dördüncü yerdə başa vurub.