"Liverpul"un keçmiş yarımmüdafiəçisi və kapitanı, hazırda Səudiyyə Ərəbistanının "Əl-İttifaq" komandasının baş məşqçisi Stiven Cerrard "Çelsi" və "Real"ın sabiq çalışdırıcısı Joze Mourinyo haqda danışıb. Sport24.az "Liverpool Echo"-ya istinadən xəbər verir ki, o, portuqaliyalı məşqçinin rəhbərliyi altında oynamadığına görə təəssüfləndiyini bildirib:

 

"Mən Jozeni həm peşəkar, həm də insan kimi bəyənirəm. Yaxın münasibətimiz olmayıb, amma onun rəhbərliyi altında oynamadığıma görə təəssüflənirəm. Çünki bilirəm ki, Mourinyo məni daha yaxşı oyunçu edərdi. Və bilirəm ki, onunla birlikdə kubok otağıma daha bir neçə titul əlavə edərdim. Ancaq geriyə baxanda "Çelsi" ilə müqavilə imzalamadığım üçün peşman deyiləm. Qəbul etdiyim qərardan məmnunam ("Liverpul"da qalmaq)".

 

Stiven Cerrard "Liverpul"un yetirməsidir. O, İngiltərədə yalnız bu komandada oynayıb və karyerasının sonlarına yaxın ABŞ-a köçüb. Keçmiş futbolçu burada "Los Anceles Qalaksi"də çıxış edib.  2005-ci ildə "Çelsi" Cerrardla yaxından maraqlanırdı. Həmin vaxt isə komandaya Mourinyo rəhbərlik edirdi.