İngiltərə mətbuatında "Atletiko"nun baş məşqçisi Dieqo Pablo Simeone ilə bağlı qalmaqallı iddialar gündəmi zəbt edib. Çempionlar Liqasının yarımfinalında Madrid klubu ilə qarşılaşmağa hazırlaşan "Arsenal" cəbhəsində narahatlıq pik həddə çatıb.
Sport24.az ingilis mediasına istinadən xəbər verir ki, "Arsenal" tərəfi Simeonenin oyun öncəsi və oyun zamanı meydan şəraitindən taktiki üstünlük qazanmaq üçün istifadə etməsindən narahatdır. Futbol dairələrində "kirli oyun" kimi qiymətləndirilən bu metodlar, rəqibin oyun ritmini pozmağa hesablanıb. Məlumatda qeyd olunur ki, təkcə "Arsenal" deyil, vaxtı ilə "Tottenhem" və "Barselona" kimi nəhənglər də "Metropolitano" stadionunun qazonundan narazılıq ediblər.
Xüsusilə ot örtüyünün çox sulanması və ya çim uzunluğunun maksimum həddə yaxın saxlanılması oyunun tempinə təsir edən amillər kimi göstərilir.
Xatırladaq ki, Simeone illərdir "praqmatizm" və rəqibi boğan müdafiə futboluna görə tənqid olunsa da, bu cür "meydança hiylələri" iddiaları qarşıdakı yarımfinal matçının gərginliyini daha da artırır.