Olimpiu Morutsan artıq ''Qalatasaray''ı tərk etsə də, futbolçuya görə İstanbul nəhəngi yenə problem yaşaya bilər. Sport24.az xəbər verir ki, rumıniyalı jurnalist Emanuel Roşunun məlumatına görə, FKSB Morutsanla bağlı ''Qalatasaray''dan FİFA-ya şikayət edib.
Məsələ burasındadır ki, Morutsanın müqaviləsində Çempionlar Liqası ilə bağlı xüsusi maddə mövcud idi. Belə ki, ''Cim-Bom'' ÇL-in qrup mərhələsinə vəsiqə qazanacağı təqdirdə FKSB-ya 1 milyon avro bonus ödəməli idi. Amma ''sarı-qırmızılar'' qarşı tərəfə bu pulu ödəmək niyyətində deyil. Belə ki, Morutsan avqustun 22-də 3 milyon avro qarşılığında ''Ankaragücü''yə satılıb. Komanda ÇL-in qrupuna vəsiqəni isə avqustun 29-da rəsmiləşdirib.
''Qalatasaray'' iddia edir ki, bu baş verərkən artıq Morutsan başqa kollektivin üzvü olub. Bu səbəbdən Rumıniya klubu məsələni FİFA-ya daşımalı olub.
''Aslan'' 24 yaşlı rumıniyalı vingeri 2021-in yayında FKSB-dan transfer edib. İlk mövsümdə ümidləri doğrultmayan futbolçu ötən mövsümü icarə əsasında İtaliyanın B seriyası təmsilçisi ''Piza''da keçirmişdi.
Xatırladaq ki, yay fasiləsində adı "Neftçi"iin ətrafında hallanan Olimpiunun həmyerlisi Adrian Mutuya görə Azərbaycana gəlmək istədiyi deyilirdi.