"Kristal Pelas" beynəlxalq fasilə zamanı baş məşqçisi Pyer Sajı istefaya göndərməyə hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
47 yaşlı fransız mütəxəssis bu mövsüm Premyer Liqada vəzifəsindən azad edilən ilk baş məşqçi ola bilər.
Mənbənin sözlərinə görə, London klubu milli komandaların oyunlarına görə nəzərdə tutulan fasilədə baş məşqçi ilə yollarını ayırmağı planlaşdırır və həmin dövrdə onun yerinə yeni çalışdırıcı təyin olunacaq.
"Qartallar"ın (klubun ləqəbi) nəzərdən keçirdiyi namizədlər arasında "Brentford" və "Tottenhem"in keçmiş baş məşqçisi Tomas Frank, eləcə də daha əvvəl "Everton", "Bernli" və "Nottingeam Forest"ə rəhbərlik etmiş Şon Dayç var.
"Nottingem Forest"in keçmiş baş məşqçisi Vitor Pereyra və Avstraliya milli komandasının hazırkı baş məşqçisi Toni Popoviç də nazmizədlər arasında yer alır.
Pyer Saj ötən yay "Kristal Pelas"ın "sükanı arxasına" keçib. O, üç illik müqavilə imzalayaraq, ötən il London təmsilçisi ilə Konfrans Liqasının qalibi olmuş Oliver Qlasneri əvəzləyib.
Qeyd edək ki, Fransız mütəxəssis komandaya rəhbərlik etdiyi müddətdə bütün turnirlərdə 16 matça çıxıb. Bu oyunlarda komanda 5 qələbə qazanıb, 3 dəfə heç-heçə edib və 8 dəfə məğlub olub. "Qartallar" ötən gün "Liverpul"a (1:3) məğlub olmaqla turnir cədvəlinin sonuncu pilləsinə yuvarlanıb.