Braziliya 1958-ci ildə Dünya Kuboku tarixində ilk çempionluğunu qazanarkən bütün diqqətlər 17 yaşlı Peleyə çevrilmişdi. Əslində Pele hansı səviyyədə ulduz olacağını mundialdan öncə ölkə çempionatında sübut etmişdi.

"Santos" forması ilə çıxdığı 100 oyunda 100-dən artıq qol vuran Pele bundan sonra milli komandada özünə yer etməyi bacarmışdı. Ancaq televiziya yayımlarının məhdud olduğu bir dövrdə avropalı futbol azarkeşləri Peledən xəbərsiz idi. 1963 və 1963-cü illərdə Pele "Santos"la "Libertadores Kuboku"nu qazanmışdı.

Eyni illərdə Qitələrarası Kuboku da muzeylərinə götürmüşdü. Ancaq 1961-ci ildə Braziliya prezidenti Janio Quadros Peleni "Beynəlxalq Xəzinə" elan etməsindən sonra onun Avropada hansısa bir kluba transferi mümkünsüz idi. 

Bundan sonra "Santos" uzunmüddətli Avropa turuna çıxamağa başladı. Böyük klublarla xüsusi matçlar keçirən "Santos" 1960-cı illərdə futbol dünyasının bir nömrəli markalarından birinə çevrilmişdi. Həmin dövrdə "Santos"un Braziliyada rəqibi yox idi. Bu səbəbdən 1961-ci ildən 1965-ci ilədək ardarda Braziliyanın ən güclüsü adına layiq görülürdü. Sonuncu dəfə 1968-ci ildə ölkə çempionu olan "ağ-qaralar" daha sonra birinci pillədən uzaq düşdü. 

"Santos" daha sonra 2002-ci ildə çempionluq adına layiq görüldü. Komanda A Seriyasında sonuncu dəfə 2004-cü ildə çempion oldu. Həmin müddətdən bu günə qədər "Santos" çempionluğa həsrət qalıb.

Hazırda "Santos" Seria A-da çıxış edir və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.