"Sabah"ın futbolçusu Timoteuş Puxaç karyerasını Slovakiyada davam etdirə bilər. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Bratislavanın "Slovan" klubu 27 yaşlı cinah müdafiəçisinin xidmətində maraqlıdır. Polşalı futbolçunun cari mövsüm UEFA Çempionlar Liqasındakı çıxışı Slovakiya təmsilçisinin rəhbərliyinin diqqətini yenidən cəlb edib.

Məlumata görə, "Slovan" qış və ya yay "transfer pəncərəsi"ndə Puxaç üçün "Sabah"a rəsmi təklif göndərməyi planlaşdırır.

Əslində, Bratislava klubu 2025-ci ildə də polşalı futbolçunun xidmətində maraqlı olub və tərəflər arasında danışıqlar aparılıb. Lakin son anda keçid baş tutmayıb.

Qeyd edək ki, "Slovan" cari mövsüm UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparır. Slovakiya çempionu keçirdiyi 3 oyunun hamısında məğlub olub və xalsız qalıb. Komanda hazırda turnir cədvəlinin sonuncu – 36-cı pilləsində qərarlaşıb.

Xatırladaq ki, Timoteuş Puxaç ötən mövsüm icarə əsasında "Sabah"da çıxış edib. Polşalı futbolçu yayda Bakı klubu ilə 3 illik müqavilə imzalayıb.