​Paraqvay senatoru Seleste Amarilla ilə "Real"ın fransalı ulduzu Kilian Mbappe arasında yaranan qalmaqal dahada böyüyüb. Sport24.az xəbər verir ki, əvvəlcə Mbappeni irqçi və təhqiramiz ifadələrlə hədəf alan, daha sonra isə geri addım ataraq üzr istəyən senator yenidən futbolçunun ünvanına sərt ittihamlar səsləndirib.

Amarilla bəyan edib ki, fransalı hücumçu ondan rəsmən üzr istəməsə, məsələni hüquqi müstəviyə daşıyacaq və onu qadınlara qarşı siyasi və gender əsaslı zorakılıqda ittiham edəcək.

 

​Paraqvaylı siyasətçi ulduz futbolçuya xəbərdarlıq edərək, ölkəsinin qanunlarının hər kəs üçün keçərli olduğunu xatırladıb:

"Mbappe paraqvaylılarla ehtiyatlı davranmalıdır. Unutmasın ki, vaxtilə Ronaldinyonu da burada kiçik bir cinayətə görə həbs etmişdik. Məni kiçik hesab etməsin. İstəsəm, ona qarşı hüquqi proses başladaram".

Xatırladaq ki, hər şey Mbappenin senatorun ilkin ittihamlarına kəskin reaksiya verməsi ilə başlayıb. Hücumçu Amarillaya cavabında "Sən iyrənc qadınsan, tutduğun vəzifəyə layiq deyilsən" ifadəsini işlədib. Bu sözlərdən qəzəblənən senator sosial şəbəkə hesabında uzun bəyanat yayaraq, Mbappeni qadın siyasətçiyə təzyiq göstərməkdə günahlandırıb.

Yaşanan gərginliyə Mbappenin çıxış etdiyi "Real" klubu da biganə qalmayıb. "Kral klubu" rəsmi bəyanat yayaraq Seleste Amarillanın fransalı futbolçuya qarşı səsləndirdiyi irqçi və ksenofob fikirləri qətiyyətlə pisləyib və Mbappeyə tam dəstək nümayiş etdirib.