İtaliya millisinin yeni texniki direktoru Paolo Maldini və onun məsləhətçisi Leonardo "Barselona", "Bavariya" və "Mançester Siti"nin sabiq məşqçisi Pep Qvardiola ilə görüşüblər. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport Italia" məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər Qvardiolanın İtaliya yığmasına baş məşqçi təyin edilməsi ehtimalını müzakirə ediblər. İtaliya Futbol Federasiyası (FIGC) həmçinin Roberto Mançini və Andrea Pirlonu da nəzərdən keçirir.
Antonio Konte də milli komandaya qayıtmaq ehtimalını istisna etməyib. Hazırda isə yığmanın "sükanı" müvəqqəti olaraq Silvio Baldiniyə tapşırılıb.
Qeyd edək ki, iyunun sonunda Covanni Malaqo federasiyanın yeni prezidenti seçilib. Maldini və Leonardo isə bu ay təyinat alıblar.