Rusiya millisinin sabiq qolkiperi Valeri Ovçinnikov "Zenit"in transfer siyasətindən danışıb. Spor24.az xəbər verir ki, Rusiya mətbuatına açıqlama verən veteran futbolçu Sankt-Peterburq təmsilçisində legionerlərin çox olmasını tənqid edib:

 

"Zenit" 8-9 braziliyalını eyni anda meydana çıxara bilər. Limit götürülsə, yəqin ki, bu klub 11 braziliyalı ilə oynayacaq. Amma bunun nə mənası var? Belə transfer siyasəti aparılırsa, onda "Zenit" elə Braziliya çempionatında oynasın. Əvvəlcə ştat çempionatında, daha sonra isə konfederasiya liqasında çıxış etmək lazımdır, orada sistem mürəkkəbdir.

Məncə, Sankt-Peterburq təmsilçisi "Zenit"də öz oyunçuları, rusların oynadığı klub olmalıdır. On braziliyalıdan ibarət komanda süni görünür. Düşünürəm ki, azarkeşlər "Qazprom Arena"ya bir dəfə gəlməsə, klubun siyasəti dəyişəcək. Onda rəhbərlik başa düşəcək ki, öz futbolçularımıza diqqət yetirməliyik. Xüsusən də Rusiyanın Avropada təmsil olunmadığı vaxtda belə olmalıdır".

 

Qeyd edək ki,"Zenit" hazırda 36 xalla turnir cədvəlində ikinci pillədədir.