"Mançester Yunayted" "Yuventus"un yarımmüdafiəçisi və kapitanı Manuel Lokatelliyə maraq göstərir. Sport24.az xəbər verir ki, "Calciomercato" məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, Turin klubu 28 yaşlı futbolçunu əsas oyunçu hesab edir. Lakin "qırmızı şeytanlar"ın təklif edə biləcəyi maliyyə şərtləri italyan oyunçunun İngiltərə klubuna potensial transferində həlledici amil ola bilər.

 

Qeyd edək ki, Lokatelli bu mövsüm bütün turnirlərdə 31 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur.