"Mançester Yunayted" kolumbiyalı gənc futbolçu Kristian Oroskonun transferini yaxın günlərdə rəsmiləşdirəcək. Sport24.az xəbər verir ki, bu barədə "Mail" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, 17 yaşlı dayaq yarımmüdafiəçisi 18 yaşı tamam olduqdan sonra – iyulun 13-də İngiltərə klubu ilə rəsmi müqavilə imzalayacaq. O, bazar günü İngiltərəyə yollanacaq və tibbi müayinədən keçəcək.
"Mançester Yunayted" ötən ilin sentyabrında futbolçunun çıxış etdiyi Kolumbiyanın "Fortaleza" klubu ilə razılıq əldə etsə də, FİFA qaydalarına əsasən, Orosko 18 yaşına çatmadan transferini
tamamlaya bilmirdi.
Kolumbiyanın U-17 millisinin kapitanı olan Orosko sərt oyun üslubu, top qazanmaq bacarığı və müdafiədə etibarlı çıxışı ilə diqqət çəkib. Oyun tərzinə görə o, "Çelsi"nin yarımmüdafiəçisi Moyses Kaysedo ilə müqayisə olunur.
Bildirilir ki, gənc futbolçu ilk mərhələdə "Mançester Yunayted"in U-21 komandasında çıxış edəcək.