Fransanın "Olimpik Lion" klubu "Real Madrid"in hücumçusu Endriki yenidən heyətinə cəlb edə bilər. Sport24.az xəbər verir ki, qış transfer pəncərəsində "kral klubu"ndan icarəyə götürülən braziliyalı hücumçu Lion təmsilçisinin heyətində keçirdiyi 21 matçda 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Mövsüm bitdikdən sonra Madridə qayıdan 20 yaşlı futbolçunun komandada qalması çətin görünür. İspaniya nəhənginin "RB Leypsiq"dən Yan Diomandeni 100 milyon avrodan baha qiymətə transfer etməyə yaxın olması ön xətdə rəqabəti artıracaq. Bu isə gənc hücumçunun oyun praktikasından məhrum olmasına gətirib çıxara bilər.
Madrid təmsilçisi gənc forvardın gedişinə yaşıl işıq yandırıb. "Olimpik Lion" maliyyə şərtlərinə görə futbolçunu birbaşa almaq imkanına sahib olmasa da, onu növbəti mövsüm üçün yenidən icarəyə götürmək variantını nəzərdən keçirir.