​"Benfika"nın baş məşqçisi Joze Mourinyo gələcək karyerası ilə bağlı yayılan şayiələrə son qoymaq üçün konkret vaxt açıqlayıb. Sport24.az  xəbər verir ki, Portuqaliyalı mütəxəssis daxili çempionat yekunlaşdıqdan sonra qərarını bəyan edəcəyini bildirib.

 

"Benfika"nın -"Braqa" ilə 2:2-lik heçə-heçəsindən sonra Çempionlar Liqasına vəsiqə şansı azalıb, Joze Mourinyo isə gələcəyi ilə bağlı susqunluğunu qoruyub. Hazırda yalnız komandaya kökləndiyini deyən mütəxəssis, qərarı üçün mövsümün sonunu gözləməyi məsləhət görüb:

 

"Mövsümün son həftəsində gələcək və müqavilələr barədə düşünməyin vaxtı deyil. Bu mərhələyə daxil olduğumuz andan etibarən heç kimi dinləməməyə və öz iş mühitimdə uzaqlaşdırmaya qərar verdim".

 

Təcrübəli çalışdırıcı adının "Real"la hallanmasına da münasibət bildirib. O, heç bir klubla danışıq aparmadığını və mayın 18-dən sonra sualları cavablandırmağa hazır olacağını deyib:

 

"Bazar ertəsindən etibarən həm şəxsi gələcəyim, həm də klubun planları müzakirə olunacaq".

 

Mourinyo konfransın sonunda jurnalistlərə müraciət edərək, emosiyalarını cilovlamasının maraqlı səbəbini açıqlayıb:

 

"Burada qalmağımın səbəbi gələn mövsümə cəzalı başlamaq istəməməyimdir. Cəmi bir oyun və bir həftə qalıb. Rahat olun".