"İnter'in sabiq prezidenti Massimo Moratti illər əvvəl Lionel Messini transfer etmək üçün rekord məbləğdə təklif irəli sürdüklərini açıqlayıb. Sport24.az xəbər verir ki, Moratti 2006-cı ildə argentinalı ulduzun atası Xorxe Messi ilə Milanda görüşərək futbolçunu "Barselona"dan transfer etməyə çalışıb.
Həmin dövrdə Messi Kataloniya klubu ilə yeni müqavilə danışıqlarında problemlər yaşayırdı. Bundan istifadə etmək istəyən "İnter" rəhbərliyi "Barselona"ya 250 milyon avroluq təklif göndərsə də, klub prezidenti Joan Laporta bu təklifi qəbul etməyib.
Moratti daha sonra bildirib ki, o vaxt jurnalistlər ondan Ronaldinyo barədə soruşsalar da, özü Messini daha çox bəyəndiyini söyləyib. Onun sözlərinə görə, bundan sonra Messi tərəfi "İnter"lə əlaqə saxlayıb, lakin futbolçu "Barselona"nı tərk etmək istəməyib.
Qeyd edək ki, Messi 2007-ci ildə verdiyi müsahibədə "İnter"i bəyəndiyini, komandada çoxlu argentinalı futbolçunun çıxış etdiyini və videooyunlarda tez-tez Milan təmsilçisini seçdiyini də etiraf etmişdi.