Dekabrın 7-də Finlandiyanın Valkeakoski şəhərindəki "Haka" futbol klubuna məxsus "Tehtaan Kentta" stadionunda böyük yanğın baş verib. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, alov tribunalardan birini əhatə edib və süni örtüyə böyük ziyan dəyib. 

 

Finlandiya polisin məlumatına görə, yanğın yetkinlik yaşına çatmayan 3 şəxs tərəfindən törədilib. Onlar cinayət məsuliyyəti daşımırlar. Lakin polis hər kəsə xatırladır ki, yaş onları zərərə görə məsuliyyətdən azad etmir.

 

Yanğınsöndürənlərə yanğının qarşısını almaq üçün bir neçə saat vaxt lazım olub. Nəticədə, qapıların arxasında yerləşən tribunalardan biri tamamilə məhv olub və yenidən tikilməli olacaq. Süni örtüyün bir hissəsi də sıradan çıxıb.