Almaniyanın məşhur idman brendi Adidas ABŞ-da keçirilən klublararası dünya çempionatının yarımfinal və final mərhələləri üçün xüsusi olaraq hazırladığı yeni rəsmi topu təqdim edib. Sport24.az xəbər verir ki, bu barədə şirkətin "X" (əvvəlki "Twitter") sosial şəbəkəsində paylaşım edilib.
"Şəhərin işıqları altında şöhrət. 2025-ci il klublararası dünya çempionatının final mərhələsinin rəsmi topunu təqdim edirik", – deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, turnirin ilk yarımfinal görüşündə "Fluminense" ilə "Çelsi" üz-üzə gələcək. Digər yarımfinalda isə "Real" və PSJ komandaları qarşılaşacaq.
Final oyunu iyulun 13-də keçiriləcək. Həm yarımfinal, həm də final matçlarının başlanğıcı Bakı vaxtı ilə saat 23:00-a təyin olunub.