"Fənərbaxça"nın futbolçusu Sebastyan Şimanskinin klubdan ayrılacağı xəbərləri gündəmə gəlib. Sport24.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, İstanbul təmsilçisi futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

 

Məlumata görə, "sarı-lacivərdlilər" 10 milyon avro civarında təklif gələcəyi təqdirdə yarımmüdafiəçinin transferinə maraqlı olacaq. Rəhbərlik qış transfer pəncərəsində oyunçu ilə bağlı gələn təklifləri dəyərləndirməyə hazırdır.

 

Son dövrlərdə sərgilədiyi zəif oyun performansı ilə azarkeşlərin hədəfinə tuş gələn Şimanskinin Ziraat Türkiyə Kubokunda "Beşiktaş"la keçirilən derbidə də meydanda varlığı ilə yoxluğu bilinməyib. Onun derbidəki effektsiz oyunu ayrılıq iddialarını yenidən alovlandırıb.

 

Qeyd edək ki, Sebastyan Şimanski cari mövsümdə "Fənərbaxça" forması ilə 24 oyuna çıxıb. O, bu görüşlərdə cəmi 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb ki, bu da gözləntilərin xeyli altındadır.