"Real" Luka Modriç və Toni Kroosun gedişindən sonra yarımmüdafiə xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir. Sport24.az xəbər verir ki, klub rəhbərliyi hələ də komandanın orta sahədə oyununu tam balanslaşdıra biləcək futbolçu tapa bilməyib.

 

La Liqa nəhəngi üçün üçün variantlardan biri "Əl-Hilal"da çıxış edən Ruben Neveşdir. Portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. Neveş klubla sözləşməsi uzatmağa meyilli deyil. Madrid təmsilçisi 28 yaşlı yarımmüdafiəçini yayda azad agent statusunda heyətinə qatmaq imkanını nəzərdən keçirir.

 

Digər klublardan maraq olacağı təqdirdə, "Əl-Hilal" qış transfer pəncərəsində təcrübəli oyunçunu 15-20 milyon avro civarında məbləğə buraxmağa hazırdır.

 

Ruben Neveş 2023-cü ilin yayında "Vulverhempton"dan 55 milyon avro qarşılığında Səudiyyə Ərəbistanı çempionatına keçib. O, həmin vaxtdan etibarən "Əl-Hilal"ın heyətində bütün turnirlərdə 107 oyuna çıxıb, 14 qol vurub və 25 məhsuldar ötürmə edib.