"Barselona" "Defensor Sportinq"in müdafiəçisi Patrisio Pasifikonun icarə müddətini uzatmaq niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 20 yaşlı uruqvaylı Kataloniyaya gələndən yaxşı təsir bağışlayır və bu, ona komandada daimi qalmaq üçün yaxşı şans verir. Lakin bir neçə gün əvvəl o, ön çarpaz bağını qoparıb və 8-9 ay yaşıl meydanlardan kənarda qalacaq.

 

Bildirilir ki, "Defensor Sportinq" ilə mümkün icarə müddətinin uzadılması ilə bağlı danışıqlar artıq aparılıb. Bu, gənc oyunçuya meydana qayıtdıqdan sonra daimi müqavilə bağlamaq üçün daha bir şans verəcək.

 

"Barselona" 2025/26 mövsümünün sonuna qədər vəziyyəti həll etməyə ümid edir. Katalonlar Pasifikonun zədə dönəmində klubun tibbi şöbəsinin nəzarəti altında qalmasını istəyir. Onun 2027-ci ilin əvvəlində meydana qayıtması gözlənilir.