Bu, sadəcə bir mübahisə deyil, əsl bir dava idi. Sport24.az "Marca"ya istinadən xəbər verir ki, Valverde ilə Tçuameni arasındakı münaqişə çərşənbə günü başlayıb və dünən oyunçular arasında gərginlik daha da artıb.

 

Səhər məşqi zamanı Federiko Tçuameni ilə əl sıxmaqdan imtina edib. Məşq zamanı uruqvaylı fransız oyunçuya dəfələrlə sərt zərbələr endirib və bu, Oreleanı qəzəbləndirib. Məşqin sonunda oyunçular arasında münaqişə yaşanıb və bu davaya çevrilib. Mübahisə zamanı Valverdinin başı masanın küncünə dəyib. Ağır xəsarət alan futbolçu xəstəxanaya aparılıb.

 

AS nəşrinin iddiasına görə, münaqişə paltardəyişmə otağında davam edib. Tçuameni Valverdeyə ağır zərbələr endirib və bunun da nəticəsində futbolçu yıxılaraq başından xəsarət alıb. Federikoda qanaxma başlayıb. Onu əlil arabasında bazadakı tibb otağına, oradan isə xəstəxanaya aparıblar.  Orada ona tikiş qoyulub və evə göndərilib.

 

Hadisədən dərhal sonra "Real"ın direktoru Xose Anxel Sançes paltardəyişmə otağında təcili iclas keçirib. Həmçinin bildirilib ki, intizam araşdırması başlayıb. Bu araşdırma oyunçuların cərimələnməsinə və hətta komandadan kənarlaşdırılmasına səbəb ola bilər.

 

Lakin, bu, hamısı deyil. "El Chiringuito" qəzeti Valverdenin zərbə nəticəsində yaddaşının itdiyini bildirib. Oyunçu dərhal kompüter tomoqrafiyasından keçib. Nəticələr hələ məlum deyil.

 

Bəs belə ciddi mübahisəyə nə səbəb ola bilərdi? Mətbuatda Tçuameni ilə Valverde arasında münasibətlərin bir neçə ay əvvəl artıq pisləşdiyi barədə xəbərlər yayılıb. Uruqvaylı Xabi Alonsonun postundan getməsini istəyib. Orelean isə əksinə, daim məşqçini müdafiə edib.

 

Yeri gəlmişkən, bu,  "Real"ın paltardəyişmə otağında baş verən yeganə münaqişə deyil. İspaniya mediası Antonio Rüdiger və Alvaro Karreras arasında daha bir dava olduğunu xəbər verib. Lakin komanda yoldaşları qısa zamanda mübahisəni dayandıra bildilər.

 

Bütün bu xaosun ortasında "Real"ın ulduz oyunçusu Kilian Mbappenin reaksiyası təəccüb doğurub. "El Chiringuito" qəzeti fransız futbolçunun klubun məşq bazasından çıxarkən maşında ucadan güldüyünü əks etdirən videonu yayımlayıb.

 

Kilian və komanda yoldaşları, ehtimal ki, məlumatın jurnalistlərə bu qədər tez çatacağını gözləməyiblər. "Real"da artıq əmindilər ki, bütün hadisə klubun nüfuzuna xələl gətirmək üçün qəsdən internetə sızdırılıb. Rəhbərlik bunu edən şəxslə bağlı araşdırmaya başlayıb. Bu oyunçulardan və ya klubun əməkdaşlarından biri ola bilər.