İspaniyanın "Barselona" klubu Almaniya təmsilçiləri "Volfsburq"dan Konstantinos Kulyerakisi və "Hamburq"dan Luka Vuşkoviçi heyətinə qatmaq istəyir. Sport24.az xəbər verir ki, Kataloniya klubu adı çəkilən müdafiəçilərdən birini qış transfer pəncərəsində ala bilər.

 

K.Kulyerakis bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 16 oyunda heç bir məhsuldarlıqla yadda qalmayıb. Yunanıstan millisinin üzvünün klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. Oyunçunun dəyəri 25 milyon avro qiymətləndirilir.

 

İngiltərənin "Tottenhem" klubundan icarə əsasında "Hamburq"a qoşulan L.Vuşkoviç isə 15 matçda iki qolla yadda qalıb. Müdafiəçinin Premyer Liqa təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ildə bitəcək. "Transfermarkt" portalı xorvatiyalı futbolçunun dəyərini 40 milyon avro qiymətləndirir.

 

Qeyd edək ki, "Barselona" hazırda 46 xalla La Liqanın turnir cədvəlinə liderlik edir.