Asiya Futbol Konfederasiyası (AFK) Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və BƏƏ-nin "Əl-Vasl" klubları arasında keçirilməli olan Çempionlar Liqası (Qərb Regionu) matçını təxirə salıb. Sport24.az xəbər verir ki, oyunun oktyabrın 26-da Ər-Riyadda keçirilməsi planlaşdırılırdı. Yeni tarix və vaxt daha sonra açıqlanacaq.

 

Təxirəsalma qərarı Səudiyyə Ərəbistanı ilə Yəməndəki İranın dəstəklədiyi husilər arasındakı münaqişənin gərginləşdiyi bir vaxta təsadüf edib. Ötən gün Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Ər-Riyada və ölkənin cənub bölgələrinə yönəlmiş raket və dronları zərərsizləşdirib. Düşən qalıqlar nəticəsində iki nəfər xəsarət alıb.

 

Husilər həmçinin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum edəcəkləri ilə hədələyərək, onu "hərbi hədəf" adlandırıblar. Səudiyyə Ərəbistanında vəziyyətin pisləşməsi səbəbindən digər tədbirlər, o cümlədən "Six Kings Slam" tennis turniri də başqa vaxta keçirilib.

 

Qeyd edək ki, iki turdan sonra "Əl-Nəsr"in aktivində üç xal var. "Əl-Vasl" isə hələ xal qazanmayıb.