İranın "Gohar" və BƏƏ-nin "Əl-Cəzirə" komandaları arasında keçirilən AFC Çempionlar Liqası 2 turniri matçında hakim sərxoş vəziyyətdə olub. Sport24.az xəbər verir ki, bu barədə "Varzesh3" məlumat yayıb.
Birinci hissədə suriyalı hakim Hanna Həttab, meydanın mərkəzində baş verən və "Əl-Cəzirə" qapıçısının heç bir aidiyyəti olmadığı bir epizoda görə ona sarı vərəqə göstərib. Fasilə zamanı "Gohar" tərəfi hakimin "qeyri-adekvat vəziyyətdə" olduğunu bildirərək ikinci hissədə meydana çıxmaqdan imtina edib. Nəticədə, Həttabı ehtiyat hakim əvəzləyib.
İran klubunun baş məşqçisi Heydər Əfsəri matçdan sonra baş verənlərə belə reaksiya verib:
"Əl-Cəzirə' oyunçuları mənə hakimin sərxoş olduğunu dedilər. BƏƏ Futbol Federasiyasından olan müşahidəçi də bunu təsdiqlədi. Biz etirazımızı bildirdik və onlar dərhal AFC ilə əlaqə saxlayaraq hakimin qeyri-adekvat vəziyyətdə olduğunu təsdiqlədilər".
Qeyd edək ki, Oyun BƏƏ təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.