"Nyukasl"ın nəzarət payına sahib olan Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF), yeni səhmlərin buraxılması yolu ilə klubdakı payının 25 faizini satmaq niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə,  klub rəhbərliyi məsləhətçi qismində çıxış etmək üçün "JP Morgan" şirkətini cəlb edib.

 

Səhmlərin satışından əldə edilən vəsait PIF-ə deyil, birbaşa "Nyukasl" klubuna yönəldiləcək. Bu vəsaitlər yeni stadion layihəsinin (və ya "St. James" Park" stadionunun modernləşdirilməsi) həyata keçirilməsinə, həmçinin yeni məşq bazasının inşasına sərf olunacaq. Ümumi dəyəri 1 milyard funt-sterlinqdən çox olan bu layihələr klubun inkişafını hədəfləyir.

 

Hazırda beynəlxalq investorların axtarışı davam edir.

 

Qeyd edək ki, PIF klubdakı 80 faizlik nəzarət payını 2021-ci ilin oktyabrında əldə edib. Qalan 20 faizlik pay isə "PCP Capital Partners" və "RB Sports & Media" şirkətləri arasında bərabər bölünüb.