"Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko "Zaqatala" ilə bu gün keçirilən yoxlama oyunundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, ukraynalı mütəxəssis 4:0 hesablı qələbəni belə şərh edib.
"Bu oyun digər iki matç kimi müəyyən məqamları yoxlamaq üçün idi. Hələ öyrənməli olduğumuz nüanslar var. Nəticə əhəmiyyətli deyildi. Uşaqların onlardan istənilənləri nə dərəcədə mənimsədiklərini və necə tətbiq etdiklərini yoxladıq. Əvvəlki görüşlərlə müqayisə etsək, bu gün daha yaxşı oynadiq. Futbolçular onlardan istədiklərimizi qaytarmağa çalışdılar. Yaxşı qollar vurduq. Əlbəttə, səhvlərimiz oldu və onları düzəltmək üçün işləməliyik".
Demçenko bildirib ki, hazırlıq üçün vaxtları az olub: "Ümumi götürdükdə 13-14 gün hazırlıq keçdik. Bu müddət futbol üçün vaxt baxımından azdır, möcüzə yaratmaq mümkün deyil. Ancaq pozitiv geridönüşlər də gördük".