"Bakı–Xankəndi" velosiped yarışı cəlbedicilik baxımından çox yaxşıdır". Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, turnirin Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov deyib.

 

O, bildirib ki, əsas məqsəd velosiped idman növünü inkişaf etdirməkdir.

 

"Bu gün "Sea Breeze"dən İsmayıllıya qədər olan mərhələ uğurla başa çatdı. Yarışa maraq da yüksək səviyyədədir. Velosiped idman növünün ölkəmizdə daha çox inkişaf etməsini istəyirik. Çalışırıq ki, bu idman növündə daha da irəli gedək", - Ələkbərov deyib.

 

Xatırladaq ki, "Astana" komandasının qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov ikinci mərhələnin qalibi olub. Ötən gün ilk raundda finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

 


Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.