Məhşur çexiyalı qaydasız döyüşçü, orta ağır çəkidə UFC-nin sabiq çempionu İrji Prohazka sosial şəbəkədəki səhifələrində maraqlı bir paylaşım edib. Sport24.az xəbər verir ki, 30 yaşlı Prohazka Alp dağının ən yüksək nöqtəsi sayılan Monblana qalxarkən çəkilən şəkilləri və videoları paylaşıb.

Sonda o, dəniz səviyyəsindən 4810 metr yüksəklikdə yerləşən Monblanın zirvəsində də şəkil çəkdirib.

Prohazka bunları yazıb: ''Monblan - hədəf tamamlandı. Planlaşdırma üçün yalnız hava proqnozunu öyrənin və yolunuzu qurun. Sonra hədəfə doğru irəliləməyə başlayın, şərtlərə uyğunlaşın və əlinizdən gələni edin. Qələbə sizinlə olacaq''.

Qeyd edək ki, Prohazka son döyüşünü ötən ilin iyununda Sinqapurda keçirərək braziliyalı Qlover Teyşeyranı məğlub etmiş və çempion olmuşdu. Amma sonradan zədə ona titulu qorumaq uğrunda döyüşə çıxmağa imkan vermədiyindən bu statusu əldən vermişdi. Hazırda orta ağır çəkidə çempion Camal Hilldi. Prohazka isə bir neçə aydan sonra oktaqona qayıdacağına və çempionluq kəmərini özünə qaytaracağına söz verib.