27 aprel – 1 may aralığında keçiriləcək avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasında Azərbaycanı 57 idmançı təmsil edəcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.
Digər ölkələrdən ümumilikdə 70 avarçəkənin iştirakı gözlənilir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən reqatada Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.
"Prezident Kuboku" ilk dəfə olaraq işğaldan azad edilmiş Ağdərə rayonunda, Sərsəng su anbarından start götürəcək. Aprelin 27-də Sərsəngdə akademik, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlarda idmançıların nümunəvi çıxışları və yarışlar baş tutacaq.
Aprelin 28-də Mingəçevirdə yarışların rəsmi paradı və açılış mərasimi keçiriləcək. Aprelin 29-da Qarabağın daha bir dilbər guşələrindən olan Suqovuşan su anbarında yarışlar davam edəcək.
"Prezident Kuboku 2026" beynəlxalq reqatasının son yürüşləri 30 aprel – 1 may tarixlərində Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq.