İsrailin İrana raket zərbəsi endirməsi və İslam Respublikasının cavabı təkcə hərbçilər deyil, mülki əhali arasında da çoxlu itkilərə səbəb olub. Hər iki tərəfdən onlarla ölən və çoxlu yaralıların olduğu bildirilir. Artan hərbi münaqişə idman dünyasına da təsirsiz ötüşməyib.

 

Bir padelist öldü

İran mətbuatının məlumatına görə, ölkənin padel tennis komandasının üzvü Parsa Mənsur iyunun 13-də İsraildən açılan atəş nəticəsində ölüb. O, məşqdən evə qayıdarkən küçədə ölümcül yaralanıb. Bu barədə ölkə tennis federasiyasının Telegram kanalında məlumat verilib: "Tennis federasiyası baş vermiş bu faciəli hadisələrlə bağlı təəssüfünü bildirir və mərhumun ailəsinə səbr və güc diləyir". Sport24.az Tehrantimes.com-a istinadən xəbər verir ki, Mənsur İran padel tennisində böyük perspektiv vəd edən idmançılardan biri olub.

 

Futbol üzrə milli komandanın ulduzu ölkəni tərk edə bilməyib

"İnter"in və İran millisinin futbolçusu Mehdi Taremi klublararası dünya çempionatı üçün ABŞ-da komandaya qoşulmalı idi. "La Gazzetta dello Sport"un məlumatına görə, futbolçu Tehran hava limanına gəlib, lakin raket hücumları səbəbindən evinə qayıtmaq məcburiyyətində qalıb. Nəticədə İtaliya klubu "Monterrey"lə keçiriləcək oyuna onsuz çıxmalı olacaq. "Ümid edirik ki, Mehdi ən qısa zamanda bizə qoşula biləcək", - deyə "İnter"in mətbuat xidməti məlumat yayıb. Milanlılar Taremini ABŞ-a gətirmək üçün bir yol tapmağa çalışır. Amma hərbi münaqişə beynəlxalq uçuşlara ciddi maneələr yaradır. Mehdinin turnirə nə vaxt uça biləcəyi hələlik bəlli deyil.

 

 

"Hapoel"in məşqçisinin evinə ziyan dəyib

İsrail sakinləri də böyük problemlərlə üzləşiblər. İranın raket atəşi nəticəsində basketbol üzrə Təl-Əviv "Hapoel"inin məşqçisi Dimitris İtudisin evinə ziyan dəyib. Atılan raketlərdən biri yunan mütəxəssisin yaşadığı binaya düşüb. Xoşbəxtlikdən İtudis həmin vaxt vətənində - Yunanıstanda olub.