Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən "Gələcəyin oyunları 2025" adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak ediblər. Sport24.az AZƏRTAC-a istinadla xəbər verir ki, "Gələcəyin oyunları" hər il təşkil olunması nəzərdə tutulan qlobal idman turniridir.
Qeyd edək ki, turnir iki mərhələdə həyata keçirilir. İlk mərhələdə idmançılar fiziki idman növləri üzrə yarışırlar. İkinci mərhələdə isə idmançıların rəqəmsal oyunlar üzrə bacarıqları sınaqdan keçirilir. "Növbəti nəsil insanlar. Gələcəyini oyna" devizi altında təşkil olunan turnirdə müxtəlif ölkələrdən idmançılar ümumilikdə 11 idman növü üzrə yarışacaqlar. Ötən il BƏƏ doqquz iddiaçı namizəd arasında qalib gələrək, 2025-ci ildə keçiriləcək "Gələcəyin Oyunları" turnirinə ev sahibliyi etmək hüququ qazanıb.