"İnanıram ki, bu gün burada gördüyümüz uşaqlar ölkəmizi müxtəlif beynəlxalq arenalarda layiqincə təmsil edəcəklər". SAport24.az xəbər verir ki, bunu "Qəbələ - İdman Paytaxtı 2025"in açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
O bildirib ki, tədbirdə çox sayda uşaqların iştirakı müxtəlif qurumların birgə işinin nəticəsidir: "Ötən il Quba bizim İdman Paytaxtımız idi. Quba layiqincə bu işin öhdəsindən gəldi. İl ərzində orada müxtəlif yerli və beynəlxalq idman tədbirləri keçirildi. Nəticədə həmin regionda daha çox insan idmanla məşğul olmağa başladı. Düşünürəm ki, bu il Qəbələdə də eyni nəticəni görəcəyik. Federasiyalar burada yarışlar keçirməyi planlaşdırır".
Qayıbovun sözlərinə görə, 2025-ci il üçün Qəbələnin MDB Oyunları üçün "Gənclər Paytaxtı" seçilməsi mühüm hadisədir: "Bu il idman aləmində ən önəmli hadisə isə ölkəmizdə MDB Oyunlarının təşkilidir. Qəbələ də bu Oyunların bir parçasıdır. Təşkilat Komitəsinin artıq iclasları keçirilir, müvafiq işlər gedir. Artıq bu həftə dəvətnamələri göndərəcəyik. Tədbirdə MDB ölkələrindən savayı digər qonaqlar da olacaq. İnanıram ki, ilin sonunda Qəbələdə daha çox insanın idmana cəlb olunmasına şahid olacağıq".
Qeyd edək ki, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən MDB-yə üzv dövlətlərin Gənclər işləri üzrə Şurasının iclasında Qəbələ şəhəri 2025-ci il üçün MDB-nin Gənclər Paytaxtı seçilib.
NUH, QƏBƏLƏ