Son vaxtlar tennis dünyasında əsas müzakirə mövzularından biri də qadınlar arasında yarışları təşkil edən WTA ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq məsələsi ilə bağlı danışıqların getməsidi. Sport24.az xəbər verir ki, hətta amerikalı 12 qat “Böyük Dəbilqə” çempionu Billi Cin Kinq də münasibətlərin qurulmasında vasitəçi olmaq istədiyini söyləyib.
Bu fikrini səsləndirdikdən sonra əfsanəvi amerikalı tennisçi sosial şəbəkələrdə tənqidlərə məruz qalıb. Belə ki, Səudiyyə Ərəbistanında qadın haqlarının pozulmasını iddia edən tennis həvəskarları onun ünvanına xoş olmayan fikirlər səsləndirib. Azarkeşlərdən biri “sən uzun illər qadın haqları uğrunda mübarizə apardığın halda, necə buna yol verə bilərsən?” yazıb.
Digəri isə iradını belə bildirib: “Billi Cin Kinqi hazırda ancaq pul düşündürür. Bəs qadınların haqqı? Sənə pul verirlərsə, qadınların haqqını nə edirsən?”. Bir sözlə, tennis həvəskarlarının əksəriyyəti əfsanəvi tennisçinin pula satıldığını düşünür. Xatırladaq ki, tarixdə indiyə qədər Səudiyyə Ərəbistanında qadın tennisçilər arasında turnir keçirilməyib.