Şimali Makedoniya və Xorvatiyanın birgə ev sahibliyi etdiyi EYOF Skopye-2025 (XVIII Avropa Gənclər Olimpiya Festivalı) başa çatdırılıb. Sport24.az xəbər verir ki, Azərbaycan komandası yarışda 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medal qazanıb.
Yığmamız bu nəticə ilə ümumi medal sıralamasında 17-ci yeri tutub. Ölkəmiz 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunub.
Azərbaycana qızıl medalları cüdoçular Gülşən Hüseynova (44 kq), Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) qazandırıblar.
Cüdoçular Nuranə Hacızadə (48 kq) və Zeyd Ələsgərov (60 kq), həmçinin güllə atıcıları Leyli Əliyeva-Oleq Kerjankin dueti (10 metr pnevmatik tapança) gümüş mükafat əldə ediblər.
Digər cüdoçular Aysun Məmmədova (52 kq), Məhəmməd Ağakişiyev (73 kq) və Sübhan Axundov (+90 kq), o cümlədən taekvondoçu Yunis Hüseynov (73 kq) bürünc medala yiyələniblər.
50 (19 qızıl, 19 gümüş, 12 bürünc) medal qazanan İtaliya komandası festivalın qalibi olub. Fransa 15 qızıl, 18 gümüş və 5 bürünc medalla ikinci, İspaniya isə 10 qızıl, 11 gümüş və 12 bürünc medalla üçüncü pillədə qərarlaşıb.
Festivalda 40 ölkənin komandası müxtəlif əyarlı medallar qazanıb. Cəmi 35 ölkə isə festivalda qızıl medal sevinci yaşayıb.
Avropanın 50 ölkəsindən 4 mindən çox idmançının iştirak etdiyi festivalda 14-18 yaş arası idmançılar 15 idman növü üzrə mübarizə aparıblar.