Kişi həndbolçular arasında Avropa kubokunda mübarizəni 3-cü mərhələdə dayandıran "Kür" klubunun ən yaxşı bombardirləri bəlli olub. Sport24.az xəbər verir ki, Mingəçevir klubunun qitə arenasındakı "vuran əli" Oqnen Lekoviçdir.
Monteneqrolu legioner 4 oyunda 32 qola imza atıb. Onun həmyerlisi Bojidar Simiçin 20 qolu var.
Ən məhsuldar yerli oyunçu Ramazan Muradov 14 dəfə rəqib qapılarına yol tapıb. Ən azı 10 qola sevinən digər iki həndbolçu da Monteneqrodan olan legionerlərdir. Bojidar Lekoviç 13, Emir Mujiç 10 topla "Kür" azarkeşlərini sevindirib.
Ümumilikdə isə Mingəçevir klubunun 119 qoluna 12 həndbolçu imza atıb. Serbiyalı Borislav Urta 9, Cavid İsmayılov 6, Sergey Duboviçlə nigeriyalı Ayuba Kutau Yakob hərəyə 5 dəfə fərqlənib. Elkin Quliyevlə Ruslan İsmayılov hərəsi 2, Məhərrəm Məmmədli 1 qol vurmağı bacarıb.
Qeyd edək ki, 2-ci mərhələdə Kipr təmsilçisi "Parnassos"u mübarizədən kənarlaşdıran (35:31, 32:29) təmsilçimiz 3-cü mərhələdə İslandiya "Haukar"ına uduzub – 25:30, 27:38.