Bu gün Azərbaycanda Anım Günü qeyd olunur. Anım Günü II Qarabağ Müharibəsinin başlandığı gün - sentyabrın 27-də keçirilir. Bu, Vətən Müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması günüdü. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncama əsasən artıq 3-cü ildi bu, ölkəmizdə keçirilir.

II Qarabağ Müharibəsi iştirakçıları arasında futbol hakimimiz, həmkarlarımız da olub. Onların bu tarixlə bağlı təəssüratlarını öyrənmək maraqlı olardı.

Milli dərəcəli hakim Kamal Umudlu döyüşlərə könüllü yollananlar sırasındadı. O, artilleriya qoşunlarında baş əsgər kimi xidmət edib: "Bugünkü gün hamımız üçün qürur günüdü. Çünki hamımız, bütün xaqlımız sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarından sonra həmrəy oldu. Hər zaman deyirəm ki, mənə görə bu, qələbənin əsas səbəblərindən biri idi. Təbii ki, bu gün bizdə fərqli hisslər oyadır. Çünki bu tarixdə hamımız tarixi zəfər, 30 illik həsrətə son qoymaq üçün yumruq kimi birləşmişdik. Buna görə şəxsən özüm də tam fərqli hisslər keçirirəm. Sentyabrın 30-da könüllü olaraq cəbhəyə yollandım. Bunu etməyi özümə bir borc bildim və bir çox bölgələrimizdə döyüş tapşırıqlarını yerinə yetirdim. Əks-hücum əməliyyatları başlayan ərəfədə - sentyabrın 25-i, yaxud 26-da Premyer Liqada oyun idarə etmişdim. Bu,  2:2 hesabıyla nəticələnən "Sumqayıt" - "Qarabağ" görüşü idi. Müharibədən öncəki son matçım olduğuna görə yaddaşımda yaxşı qalıb. Təbii ki, bir də qayıdışımda "Səbail" - "Neftçi" matçında qurulan "şərəf dəhlizi". Bu, ömrümün sonunadək unutmayacağım bir matçdı. Şərəfimizə bu dəhlizin qurulması tamam başqa şərəf hissdi. İndinin özündə də həmin oyuna baxanda, çox qürur hissi keçirirəm. Bu hissləri sözləri ifadə etmək olur. Allah şəhidlərimizə rəhbət eləsin!".

 

Təcrübəli həmkarımız Mahal Məmmədov tağım komandiri olub. Baş leytenant Ağdamın azad olunmasına görə" və "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif olunub: "27 sentyabr həm də müharibə iştirakçıları üçün yeni həyatın başlanğıcı oldu. Əlbəttə, ilk növbədə ölkəmizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizə Allah rəhmət, sağlamlığı itirmiş qazilərimə şəfa və səbir diləyirəm. Müharibə insan üçün üzləşmək istəyəcəyi ən son durumdur. Amma baş verənlər bunun qaçılmaz olduğunu ortaya qoyurdu. O günlər heç vaxt yaddan çıxmayacaq. Evdən çıxdığım gündən geri döndüyüm ana qədər… Xatirlamaq həm ağrılıdır, həm də fərəhlidir. Müharibədən danışırıq, 3000 şəhid verdik, hər biri bir evin bəzəyi, valideyninin göz dağı, övladının artxa-dayağı, sevgilisinin sığınacağı idi… Amma hər zaman ANA-VƏTƏN dediyimiz torpağımızı namərdlərdən təmizlədik. Alnımıza yapışdırılan ləkəni sildik, ən azı 10-12 il əvvəl doğulan uşaqlara, övladlarımıza miras buraxmadıq. Bir neçə gün əvvəl keçirilən antiterror əməliyyatları ilə bu məsələni kökündən həll etdik deyə bilərik. Əlbəttə, bu qədər uğur qazanmaq üçün Ali baş komandanın qətiyyəti, xalqın yumruq kimi birləşməsi və həmin yumruğun bütöv olaraq düşənin başına endirilməsi vacib idi ki, biz də bunu bacardıq. Müharibə insan həyatını, həyata baxışını, insanlara münasibətini çox dəyişir. İnanın, bu gün də avtomobilimin musiqi listində Vətən müharibəsi dövründə yazılan mahnılar üstünlük təşkil edir. Niyəsini özüm də anlamıram. Bu gün Anım günüdür, eyni zamanda tarixi salnamənin ilk vərəqinə mürəkkəbin axıdıldığı gündür. Zəfər paradının ilk adımları…"

 

"CBC Sport"un şərhçisi olan Süleyman Vəliyev quru qoşunlarında qulluq edib və "Laçının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib: "Hər ilin bu ərəfələrində sülh içində yaşamağın necə böyük xoşbəxtlik olduğunu bir daha xatırlayıram. 3 il əvvəl ən böyük faciənin içində olandan sonra həyatdakı digər problemlər çox kiçik görsənməyə başladı. Təəssüf ki, heç də bütün döyüş yoldaşlarımız bu günləri yaşamadılar. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Özünün şəxsi maraqlanlarından üstün tutduğu məqsəd uğrunda canını verməyə hazır olan hər bir şəxs sonsuz hörmətə layiqdir. Onların nə dərəcədə böyük qiymət ödədiyini dərk edib heç vaxt unutmamalıyıq. Bir daha müharibə görməyək. Əsas arzum məhz budur. Hər bir müharibənin ilk növbədə insanlar üçün faciə olduğunu unutmamalıyıq. Bu yaddaşı qorumalıyıq".

 

 

Digər gənc həmkarımız, "Qarabağ"ın mətbuat xidmətinin əməkdaşı olan Mehman Əşrəfov də quru qoşunlarında rabitəçi olub. O, artıq 3 il ötsə də, hər şeyin dünən olduğu kimi xatırladığını vurğulayıb: "Qəribə hisslər keçirirəm bugünlərdə. Bu gün həm kədərli, həm də qürurlu gündür. Vətən uğrunda döyüşmək, şəhid və qazi olmaq şərəfli taledir. Hər insana bu nəsib olmur. Şəhidlərimizi hər gün yada salmalı, onların əziz xatirələrini əbədi olaraq qəlbimizdə saxlamalıyıq. 3 il göz qırpımında keçdi. Ancaq orda yaşadığım hər günü çox yaxşı xatırlayıram. Evdən çıxanda hələ nələrin baş verdiyini tam dərk edə bilmirdim. Amma 2013-cü illərdə xidmət etdiyim Füzuli rayonu istiqamətindən irəlilədikcə, hər şeyin gerçək olduğuna gözlərimlə şahid oldum. Hərbi xidmətdə olduğumuz zamanlar öz doğma torpaqlarımıza həsrətlə baxırdıq. Düşünürdüm, fikirləşirdim, görəsən, o yollar hara gedib çıxır. Həmin həsrətlə baxdığımız torpaqlarda biz 3 il əvvəl addımlamağa başladıq... Biz irəliləyirdik, düşmən isə qarşımızda dayana bilmir, hər şeylərin qoyub qaçırdılar. Bizim döyüşə-döyüşə getdiyimiz yollar, indi "Zəfər yolu"dur. Müharibənin çətinlikləri, unudulmaz anları olur. Orada hər an, hər dəqiqə unudulmazdır. 44 günlük zəfəri günlərlə danışsaq, bitib-tükənməz.

Bu gün səhər saatlarında Şəhidlər xiyabanında idim. Mənimlə çiyin-çiyinə döyüşlərdə iştirak etmiş şəhidlərimizi məzarlarına baş çəkdim. Bu gün çox evlərdə masa başında kiminsə yeri boşdur... Çox ağırdır itkini qəbul etmək. Allahdan şəhidlərimizin ailələrinə səbir diləyirəm. Döyüşlərdə iştirak etmiş yoldaşlarıma cansağlığı arzulayıram. Döyüş yoldaşlarım həyatda ən yaxşı dostlarımdı. Təsəvvür edin, suyu belə bölüşüb içdiyin döyüş yoldaşın az sonra şəhid olur, ağır yaralanır... İlk günlər çox çətin idi müharibə ab-havasına tam uyğunlaşmaq. Amma zaman insanı hər şeyə uyğunlaşdırır.

Şükürlər olsun ki, ordumuz, xalqımız və əlbəttə ki, Ali Baş Komandan, cənab İlham Əliyevin liderliyi ilə 30 illik həsrət sona çatdı. Mənə Prezidentimizin sərəncamı ilə Qubadlı və Laçın rayonlarınının işğaldan azad edilməsi, həmçinin Vətən müharibəsi iştirakçısı medalları təqdim olundu ki, buna görə minnətdaram".

 

Offsideplus.az saytında çalışan həmkarımız Daşqın Əziz bu şərəfli yolu keçən qazilərimizdən biridi. Quru Qoşunlarında xidmət etmiş Daşqın, Cənab Prezidentin müvafiq Sərəncamları ilə "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə", Baş nazirin Sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib: "Artıq bu tarixi hadisədən - 30 illik həsrəti sona çatdıran günün başlamasından 3 il keçir. 27 sentyabr tarixi Azərbaycan xalqı üçün təqvimdə həm Anım Günü, həm də qürur günü kimi qeyd olunur. Mən də bu tarixi hadisənin iştirakçısı olduğum üçün şadam. Müharibənin başlamasından 2 gün sonra dövlət başçısının qismən səfərbərlik haqda Sərəncamı ilə ehtiyatdan ordu sıralarına çağırılmış və hərbi fəaliyyəti yerinə yetirmişəm. 8 noyabr tarixində Xankəndi istiqamətində gedən döyüşdə iştirak etmiş, hərbi travma almışam. Allah haqq savaşımızda şəhid olanların ruhunu şad etsin, döyüşlərdə yaralananlara şəfa versin!"

 

 

MEHMAN SÜLEYMANOV