İki il əvvəl Tokioda baş tutan Olimpiya Oyunlarında fərdi növdə üç qızıl medal qazanan Keyleb Dressel bu il Fukuokada keçiriləcək su idman növləri üzrə dünya çempionatına milli komandanın heyətinə düşə bilməyib. Sport24.az "Associated Press" nəşrinə istinadən xəbər verir ki, o, ABŞ-nin İndianapolis şəhərində 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında 22-ci yeri tutub.

Bu nəticə Dresselə yalnız C kateqoriyası üzrə finalda iştirak etməyə icazə verəcək. 26 yaşlı idmançı daha əvvəl Tokioda qızıl medallar qazandığı digər iki növdə də mükafatçılar sırasına düşə bilməyib. Keyleb 100 metr məsafəyə "butterfly" üsulu 5-ci yeri bölüşüb, sərbəst üsulla üzmədə isə ümumiyyətlə, finala yüksəlməyib.

Dresselin həmçinin Rio de Janeyro və Tokio Olimpiadalarının hər birində estafet növündə iki qızıl medal qazandığını xatırladaq. Keyleb 2017-ci ildə Budapeştdəki dünya çempionatında Maykl Felpsdən sonra 7 qələbə qazanan ilk üzgüçü olub. İki il sonra Kvancada keçirilən dünya birinciliyində isə 6 qızıl və 2 gümüş medala sahib çıxıb.

Maraqlıdır ki, Dressel ötən il Budapeştdə təşkil olunan dünya çempionatında iki qızıl medal qazansa da, təsnifat yarışlarında 100 metr məsafəyə sərbəst üsulla üzmədə ikinci nəticəni göstərsə də, səhhətindəki problemləri səbəb göstərərək müəmallı şəkildə çıxışını dayandırıb. Keyleb bundan sonra bir xeyli müddət turnirlərdə görünməyib və yalnız bu ilin mayında Atlantadakı yarışda iştirak edib.