Bu gün Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi münasibətilə Azərbaycan Cüdo Federasiyası (ACF) idman jurnalistləri ilə görüş keçirib. Sport24.az xəbər verir ki, görüş zamanı qələm sahiblərinə ACF-in 2022-ci ildə həyata keçirdiyi fəaliyyətlər və növbəti ilin planları haqqında məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə çıxış edən ACF-in baş katibi Rəşad Rəsullu federasiyanın fəaliyyətinin işıqlandırılmasında KİV-in rolunun əvəzsiz olduğunu qeyd edərək ACF-in qarşılıqlı əməkdaşlığa hər zaman açıq olduğunu vurğulayıb. R.Rəsullu bildirib ki, 2022-ci ildə ölkəmizdə cüdonun 50 illiyi münasibətilə yazı müsabiqəsi, idman jurnalistləri və fotoqrafları üçün iki beynəlxalq seminar təşkil edilib. Gələn ildə də bu istiqamətdə tədbirlərin planlaşdırıldığı qeyd edilib.

Görüşdə Azərbaycanda cüdo idman növünün yaranmasının 50 illik yubileyi ilə əlaqədar cüdonun təbliğində göstərdikləri xidmətlərə görə jurnalistlərə ACF tərəfindən sertifikatlar təqdim edilib. Sport24.az-ın redaktoru Mehman Süleymanov təltif olunanlar sırasında olub.