Misli Premyer Liqasının II turunda səfərdə "Neftçi"yə böyük hesabla məğlub olan (0:5) "Araz-Naxçıvan"ın rəsmi baş məşqçisi Zuar İsmayılov oyun sonu mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis matçla bağlı verilən suallara aydınlıq gətirdi:

 

Ağır məğlubiyyətlə başa çatan qarşılaşmanı necə dəyərləndirirsiniz?

 

– Meydanda iki tam fərqli hissə izlədik. Erkən və ardıcıl buraxılan qollar oyunçuların psixologiyasına mənfi təsir etdi, komanda özünə gələ bilmədi. İlk yarıda vurulan dörd qol, demək olar ki, matçın taleyini həll etdi. Fasilədən sonra edilən əvəzetmələrlə oyunu balansa salmağa çalışdıq, müəyyən imkanlarımız da oldu, lakin istifadə edə bilmədik.

Ötən mövsümlə müqayisədə bu heyətlə avrokuboklara vəsiqə qazanmaq kimi bir hədəfiniz var?

 

– Bəli, hədəfimiz var.

 

Transfer pəncərəsi bağlanana qədər yeni heyəti gücləndirmək planlaşdırılır?

– Xeyr, heyətin komplektləşmə prosesini tamamlamışıq. Seçdiyimiz futbolçular bunlardır və çempionatı hazırkı heyətlə davam etdirəcəyik.

 

Komandada tam formalaşmayan, axsayan mövqelər var?

 

– Komanda hələ oyununu tam tapa bilməyib. İkinci hissədə hücuma çıxarkən rəqib meydançasında lazımsız top itkilərinə yol verirdik. Rəqib isə bu baxımdan daha soyuqqanlı idi və əlinə düşən imkanları qolla yekunlaşdırdı. Biz sadəcə bəzən heç nədən toplar itirirdik.

 

Komandaya yeni kapitan təyin edilən Patrik Andradenin liderlik keyfiyyətləri sizi qane edir?

 

– Təcrübəsinə görə ona inamımız böyükdür. Ötən mövsümdən komandadadır və düşünürük ki, lider kimi kollektivi arxasınca aparmağı bacaracaq.

 

Matçın ilk 10–12 dəqiqəsində yaxşı təsir bağışladınız. Sonradan nə baş verdi ki, komanda oyundan qopdu?

 

– "Neftçi"nin heyətində yüksək keyfiyyətli futbolçular yer alıb, artıq neçə vaxtdır yüksəlişdə olan komandadır. Çətin rəqiblə qarşılaşacağımızı bilirdik. Rəqib hücumda əlinə düşən şanslardan maksimum istifadə etdi və bu ardıcıl qollar komandanı psixoloji olaraq sındırdı.

 

Növbəti rəqiblər çempionluq uğrunda mübarizə aparan komandalardır. Bu ağır təqvim sizi qorxutmur? İstənilən heyəti formalaşdırmaq üçün sizə nə qədər vaxt lazımdır?

 

– Çətin qrafikimizin olduğunu bilirik, qarşıda bizi "Sabah"la oyun gözləyir. Maksimum çalışacağıq ki, komandanı matçlara optimal formada hazırlayaq. Vaxta gəlincə, bu, oyun praktikası ilə bağlıdır. Konkret 3 və ya 5 ay deyə müddət göstərmək olmaz, oynadıqca heyət tam formalaşacaq.

 

"Neftçi"də keyfiyyətli oyunçuların olduğunu dediniz. Sizdəki futbolçuların səviyyəsi və ustalığı aşağıdır?

 

– Xeyr, sadəcə hücumun sonluğunda, son ötürmələrdə dəqiqlik çatmırdı. Rəqib hücumçuları son epizodları qolla tamamlayırdılar, biz isə hücumun davamını gətirə bilmirdik. Arada müəyyən səviyyə fərqi var, amma əsas məsələ onların şansları dəyərləndirməsi, bizim isə imkanları boşa verməyimiz oldu.