"Təklif klubun meneceri Toğrul Əsgərovdan gəldi. Mənə bildirdi ki, maraq dairələrindəyəm və görüşmək istəyirlər". Bu sözləri Sport24.az saytına açıqlamasında "Zaqatala"nın yeni baş məşqçisi Rakif Əliyev deyib.

Əliyev yeni komandasının hədəflərindən danışıb:

"Görüş zamanı klubun gələcək planları barədə ətraflı söhbət etdik. Zaqatala Azərbaycan futboluna yüzlərlə futbolçu yetişdirən bölgədir. Klubun strategiyası və qarşıya qoyduğu məqsədlər xoşuma gəldi. Birlikdə 3 illik geniş inkişaf layihəsi hazırlamışıq. Əsas hədəfimiz komandanı Premyer Liqaya yüksəltməkdir. Bunu isə əsasən gənc futbolçuların hesabına həyata keçirməyi planlaşdırırıq. Əvvəlki baş məşqçi Rüstəm Məmmədovun klubda maliyyə məsələləri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirə bilmərəm. Bu barədə məlumatım yoxdur. Bildiyim qədər, "Zaqatala"nın heç bir futbolçuya borcu yoxdur. Mənim işim üçün lazım olan bütün şərait yaradılıb və indiyədək rəhbərlikdən istədiyim hər bir məsələ təmin olunub".

Qeyd edək ki, Rakif Əliyev "Qəbələ" və "Kəpəz"də analitik kimi fəaliyyət göstərib, həmçinin, "Qarabağ"ın akademiyasında çalışıb.